Giriş Adamlar Suallar
Haqqımızda

Tanış ol, dostluq et!

Bu hadisə şəxsən sizin və ya bir tanışınızın başına gəlməmiş ola bilər, lakin fenomen olaraq artıq yetəri qədər yayğındır. Hətta birbaşa öz həyatınızda təcrübə etməsəniz də olar, internet vasitəsilə müşahidə kifayətdir. Məsələn, Facebookda gəzişən əsnada qarşınıza hansısa səhifə tərəfindən tanışdırılıb evlənmiş xoşbəxt cütlüyün ilk körpələri ilə birlikdə çəkilmiş fotosu çıxa bilər.

Bu məsələyə dair münasibətiniz pis də olsa, yaxşı da olsa, bir çox yenilik kimi virtual tanışlıq getdikcə adiləşir. Bir ictimai sorğuya görə, Amerikada sadəcə 10 il içində (2005–2015) internet vasitəsilə tanışlığı müsbət qiymətləndirənlərin faizi 44-dən 59-a yüksəlib. Həmçinin, buna mənfi münasibətdə olanların faizi 29-dan 23-ə düşüb. Təbii ki, bu xidmətdən ən çox faydalanan gənclərdir, təxminən hər iki gəncdən biri istifadə edib/edir.

Daha sonra, 38%-lik nisbətlə 30–50 yaş arası yetkinlər gəlir. Bu yaş aralıqları isə həmin qruplar arasında göstəricinin niyə bu qədər yüksək olduğunu açıqlayan bəlkə də ən vacib faktordur: sözügedən həmin nəsillər interneti həyatlarının ilk dövrlərindən istifadə etməyə başlayıblar və müasir virtual dünyanı yadırğamırlar. Tanışlıq üçün internetdən istifadə edənlərin böyük əksəriyyətinin başqa işlərini də internet üzərindən görmələri, bu baxımdan heç də təsadüfi deyil. Həm də bu işdə yadırğanacaq bir səbəb görmürlər. Adətən yaşlı nəsil nümayəndələrinə məxsus “yad insanlara güvənmək olmaz” ritorikası, internetin yayğınlaşması ilə birlikdə virtualdakı yadlara da şamil edilməyə başlandı. Digər yandan, yayğın qənaətin əksinə insanlar internetdə özləri barədə gerçəkliklə çox da uyuşmayan, hədsiz dərəcədə qeyri-dəqiq, hipertrofik portretlər yaratmırlar. Araşdırma da təsdiqləyir ki, media nə qədər şişirtsə də, internet profillərində rast gəlinən yalanlar əksər hallarda çox kiçik, məsum  olur. Yeri gəlmişkən, profilində “sevgi”, “həyat”, “dost”, “musiqi” kimi ifadələr yer alan şəxslərin uğurlu olma şansı daha yüksək imiş.

Digər yandan ciddi münasibət axtaran kişilərin “uşaqlar”, “münasibət” (ifadə qadınlar arasında da yayğındır), “romantik” kimi sehrli sözlərə müraciəti də işə yarayırmış. Qısa müddətli münasibət axtarışında olan qadınlar “səyahət” və “alış-veriş”, kişilər isə “yumor” ifadələrinə müraciət edirlərmiş. İnterneti yadırğama mövzusuna qayıtsaq bir şeyi də əlavə etməliyik: yeməyini, geyimini mağazaya getmədən internet vasitəsilə sifariş edən, online iş görüb əməkhaqqı alan, qısacası, internet vasitəsilə bu qədər şeylər edən nəsil tanışlığı da – ən azı ilkin mərhələdə– internet vasitəsilə qurmağa niyə tərəddüd etsin?

Sözügedən trend, internetin günü-gündən daha əlçatan olması sayəsində bütün dünyanı əhatə edir. İstifadəçilərin də bildirdiyi kimi, fenomenin bu qədər sürətlə yayılmasının əsas səbəblərindən biri də virtual tanışlığın potensial partnyoru tapmağı asanlaşdırması və nəticə etibarilə insanların virtual tanışlıq təcrübəsindən məmnun qalmasıdır. Trendin sürətlə yüksəlməsi də bu səbəbdəndir.

Hazırda Amerikada internet, münasibətləri başladan faktor kimi (tanışların vasitəçiliyindən sonra) 2-ci sıradadır və evliliklərin 30%-nin səbəbkarıdır, hətta internet vasitəsilə başlayan evliliklərdə boşanma hallarının 25% daha az olması ilə yanaşı, belə ittifaqlar müəyyən mənada daha xoşbəxt və sağlam alınır.

Bəs bu prosesin arxasında tam olaraq hansı mexanizm dayanır? Bilindiyi kimi, internet insanları “bir araya gətirir” və bu faktın əhatə dairəsinə romantik tanışlıqların düşməsində qəribə heç nə yoxdur. Partnyor axtarışı, dost axtarışından daha spesifik meyarlara səykənir. Ümumi götürsək, bir çox cəhətdən bəyənmədiyimiz dostlarımızla yenə də münasibət saxlayırıq, çünki onlarla qarşılıqlı təsir müddət və dərəcəmiz azdır. Xoşlamadığımız iş yoldaşımıza da bir başqa səbəbdən dözürük. Bunları ona görə qeyd edirəm ki, partnyoru “dözmək” perspektivi əsla nəzərə alınmadan axtarırıq. Bu baxımdan, internet özündə çox böyük sahəni əhatə edir deyə, insanlar da artıq kiçik sahələrlə məhdudlaşmaq istəmir, daha böyük dənizlərə yelkən açmaq istəyirlər. Bir nümunə ilə ifadə edim. Məsələn, bir şəhər kimi elə Bakını götürək. İnternet vasitəsilə bu şəhərdə çox insanla tanış ola bilərsiniz. İşlər yaxşı getsə, tərəflərin bir-birinə marağı yaransa, şəhərin mərkəzində bir kafedə ya da pubda görüşüb münasibətlərin ilk əsl-həyat (real-life) mərhələsini tamamlaya da bilərsiniz. Sonrası isə, sonraya qalıb.

Təkcə öz üniversitetiniz yox, şəhərdəki bütün universitetlər, sadəcə öz məhləniz yox, şəhərdəki bütün məhlələr, öz iş yeriniz yox, şəhərdəki bütün iş yerləri internet vasitəsilə əlçatan olur  – yəni, internet faktiki olaraq Bakı kimi böyük bir ərazidə yerləşən daha çox potensial partnyorla ünsiyyət qurmağınızı asanlaşdırır. Eyni zamanda, internet vasitəsilə qurulan münasibətlərin uğurunun arxasındakı sirr də elə kriteriya uyğunluğu və namizəd çoxluğu arasındakı kombinasiyadadır. Belə ki, evlilik mövzulu başqa bir araşdırmanın müəllifləri, bunun fərdlərə həyat yoldaşı seçmədə daha selektiv olma fürsəti tanıdığını bildirir. Nəticə etibarilə istənilən kriteriyalara daha uyğun namizədi tapmağın mümkünlüyü artır, çünki “hovuz”da daha çox namizəd var. Uzun sözü qısası, internet münasibət barədə olan “daha”ları artırır.

Ümumən götürəndə internet dövrü insanlara müəyyən mənada azadlıq gətirdi. Bu eranın təklif etdiyi tanışlıq növləri isə kultural kodlar səbəbilə sosial həyatı məhdudlaşmış şəxslərə böyük imkanlar yaratdı. Virtual tanışlıq, homoseksual cütlüklərdə heteroseksual cütlüklərdən qat-qat çox müşahidə olunur.

Virtual tanışlığın ictimai sferada dəyişdirdiyi bir şey də millətlərarası evliliyin önündəki maneələri aradan qaldırmasıdır. Millətlərarası evliliyi təşviq etməsi, internetin sosial “qapalı-qrup” sahələrini daraltdığını göstərir. Bu hal, ABŞ kimi irqi baxımdan zəngin ölkə üçün daha səciyyəvi olsa da, bizim kimi bir ölkədə səbəb ola biləcəyi dəyişikliklər haqda düşünəndə (əlbəttə internet cəmiyyət tərəfindən tam qəbul olunduqdan sonra) ağlıma ilk gələn qohum evliliklərinin azalma potensialıdır.

Yazının mövzusu kimi əvvəldən romantik münasibətlər qoyulsa da, qeyd etməliyəm ki, internet dostluqların qurulmasında da yüksək səviyyəli təşviqatçı rolunda çıxış edir. Romantik münasibətlər kimi daha çox güvən, məhrəmlik tələb edən mövzuda bu qədər uğurlu olan vasitənin dostluq məsələsində də müsbət nəticə göstərməsi, heç də gözlənilməz deyil.

İşin kommersiya tərəfi trendin nə dərəcədə yüksəlişdə olduğunun bariz göstəricisidir. Amerikada subaylar 2.5 milyard dollarlıq bazar payına malikdir. Wall Street isə bazarın dünya üzrə 12 milyard dollara qədər böyüyəcəyini təxmin edir. Yazı boyunca virtual tanışlıqdan bəhs edərkən tanışlıq sayt və proqramları ilə sosial media arasında fərq qoymadım, internetə ümumi yanaşdım. Bunun üçün özümə görə səbəblərim də var. Məsələn, insanları bir araya gətirmək missiyası ilə yola çıxan Facebook kimi dünya nəhəngi də bu zərurəti sezərək, keçən il sırf tanışlıq məqsədi daşıyan xidməti işə salacağını anons etmişdi.

Yazımı bir neçə il əvvəl xərçəng xəstəliyindən itirdiyimiz David Bowie’nin “müasir sevgi yanımda yeriyir, müasir sevgi yanımdan keçir” sözlərini özündə ehtiva edən möhtəşəm “Modern Love” mahnısı ilə sonlandırıram…

Profilim
Bura baxın
Sevgi Facebook'da
Sponsorlar